Gürcüstanda kənd turizmi təcrübəsiİnkişaf etməkdə olan ölkələrdə kənd turizmi 1990-ci ildən etibarən geniş yayılmışdır. Gürcüstanda isə kənd turizmi qədim ənənəyə malikdir və bu fəaliyyət növü hökümət tərəfindən kənd ərazilərində alternativ məşğulluq mənbəyi kimi prioritetləşdirilib.

Bəs Gürcüstanda bu fəaliyyət necə yaranıb?

Gürcüstanda inkişaf etdirilən kənd turizminin inkişafının kökü qveri adlanan şərabçılıq ənənəsinin canlandırılması ilə bağlıdır. Qveri – şərabın saxlanılması üçün gildən hazırlanmış və torpağa basdırılmış qədim bir şərab qabıdır. Bu cazibədar şərabçılıq ənənəsi ilə tanış olmaq üçün xarici qonaqlar davamlı olaraq fermalara üz tuturdu, məhz bundan sonra tur şirkətləri və bələdçilər məcbur oldu ki, onlar turistlər üçün hazırladıqları tur paketlərinə fermalara səyahəti də əlavə etsin. 2006-cı ildən etibarən kənd turizmi fermerlər və kənd sakinləri üçün əlavə gəlir mənbəyi kimi təbliğ edilir. Beləliklə 2007-ci ildə Gürcüstanda ilk Kənd Turizm Şəbəkəsi yaradıldı. Hal-hazırda bu şəbəkə müxtəlif bölgələrdən olan 190 üzvü birləşdirir və 160-a yaxın qonaq evi fəaliyyət göstərir. 2008-ci ildən etibarən bu şəbəkə Avropa Kənd Turizmi Federasiyasının (EuroGite) üzvüdür. Maraqlı faktlardan biri bundan ibarətdir ki, qonaq evlərinin 55% qadınlar tərəfindən idarə olunur.

Bəs Gürcüstanda bu fəaliyyətin əsas qüvvəsi kimdir?

Gürcüstanda kənd turizminin əsas “hərəkətverici” qüvvəsi gənc sahibkarlardır. Çox vaxt gənclər yay aylarında şəhərdən ayrılaraq kənd yerlərinə köçür və turistlərin qəbulunu həyata keçirir. Eyni zamanda turistlərə müxtəlif turlar təklif edirlər.

Eyni zamanda Gürcüstan təbii, coğrafi, iqlim, istirahət imkanları və tarixi-mədəni irsinə görə kənd turizmi üçün əlverişli ölkələrdən biri hesab olunur. 3.7 milyon əhalisi olan Cənubi Qafqazın kiçik bir dağ ölkəsidir. Burada əhalinin 42%-i dağlıq ərazilərdə yaşayır. Gürcüstanda 12.000-dən çox tarixi və mədəniyyət abidəsi var ki, bunların bir hissəsi UNESCO-nun mədəni irs abidələri siyahısına daxil olmuşdur, bu isə fərqli maraqları olan səyahətçilər üçün cəlbedicidir. Kənd turizmi sektoru Gürcüstanın əhalisinin rifah səviyyəsində mühim iqtisadi rola malikdir.