Murad Qəhrəmanlının təqdimatında “Müştəri ilə ünsiyyət texnikaları” mövzusunda interaktiv təlim baş tutub. Təlim zamanı iştirakçılar müştəri ilə danışıqların aparılması qaydaları haqqında ətraflı məlumat alıblar. Parlaq təqdimat texnikaları, satışın bitirilməsi qaydaları və s. haqqında geniş məlumat əldə ediblər. Mövzunun daha yaxşı mənimsənilməsi üçün iştirakçılar ilə müxtəlif öyrədici tapşırıqlar həyata keçirilib.
Məlumat üçün bildirək ki, Murad Qəhrəmanlı "SAT Group" şirkətinin satış müdiri və "Praktiki satış" təlimləri üzrə təlimçisidir. 9 ildən çoxdur ki satış təlimləri keçmək təcrübəsi var.
Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir. Ümumilikdə layihəyə gələcəkdə kənd turizmi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq 15 kənd sakini seçilib. Layihənin sonunda 15 kənd qonaq evi təmir olunacaq və lazımi avadanlıqlarla təchiz olunacaq.