“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi keçirilir Kəndlərdə yaşayan gənclər üçün sahibkarlıq və özünüməşğulluq layihəsi həyata keçirilir.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.

Layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafı, məşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etməkdir.

Həmçinin layihə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”-nin 9-cu strateji hədəfini və prioritetlərini (prioritet 9.1. Kənd yerlərinin sosial-iqtisadi inkişaf siyasəti üzrə potensialının gücləndirilməsi və prioritet 9.2. Kənd yerlərində alternativ fəaliyyət sahələrinin inkişafının dəstəklənməsi), “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” nin 3-cü strateji hədəfini və prioritetlərini (prioritet 3.5. Davamlı turizm potensialının gücləndirilməsi (ekoturizm, kənd turizmi və s.), “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”-nın məqsədini və əsas istiqamətlərini dəstəkləməklə icrasına töhfə verəcəkdir.

Layihənin əsas hədəf qurupu İsmayıllı rayonunun Buynuz, Xanəgah, Təzəkənd, Topçu və Sumağanlı kəndləri və Lahıc qəsəbəsinin sakinləri, xüsusi ilə işsiz gənclər, gənc ailələr və qadınlardır. Layihə 7 ay müddətində 4 mərhələdə davam edəcək. 1-ci mərhələ “İctimai maarifləndirmə” mərhələsidir ki, artıq kəndlər üzrə yerli əhali ilə üzbəüz görüşlər keçirilib, onlar layihə haqqında məlumatlandırılıb. Hal-hazırda layihə iştirakçılarının qeydiyyatı davam edir. Bu mərhələdə 300 nəfərə yaxın kənd əhalisinin məlumatlandırırlması həyata keçirilir. Növbəti mərhələ “Təlim və hüquq” mərhələsidir ki, bu müddətdə gələcək sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə peşəkar təlimlər keçiriləcək, hüquqi dəstək göstəriləcəkdir. “Təmir və təchizat” adlanan 3-cü mərhələdə isə seçilmiş 15 gənc sahibkarın sahibkarlıq fəaliyyəti ilə məşğul olacağı məkan təmir olunacaq və lazımi avadanlıqlarla təmin ediləcək. 4-cü mərhələ “Biznesin inkişafı” mərhələsi adlanır ki, burada əsas məqsəd qurulmuş 15 sahibkarlıq obyektinin inkişafı məqsədilə addımların atılmasını nəzərdə tutulur.

Layihənin icrası nəticəsində sahibkarlıq fəaliyyəti təşviq ediləcək, kənd icması inkişaf etdiriləcək (yeni iş yerləri açılmaqla), 300 nəfər kənd sakininin sahibkarlıq imkanları ilə yanaşı özünüməşğulluq imkanları barədə məlumatlılıq səviyyəsi artacaq, 15 gənc ailə (təxminən 60 nəfərin) kənd turizmi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq, maddi vəziyəti yaxşılaşacaq, işsizlik və sosial təminat kimi problemləri qismən həll olunacaq.

Layihənin 2-ci mərhələsi 7 noyabr 2020-ci tarixindən başlayacaqdır.