“Odlar Yurdu” Gənclər İctimai Birliyi Gənclər Təşkilatlarının Resurs Mərkəzində media nümayəndələri ilə görüş keçirib. Görüşün əsas məqsədi qarşılıqlı dostluq əlaqələrinin gücləndirilməsi və gələcək əməkdaşlıqların müzakirə olunması idi.
Görüş zamanı 7 oktyabr 2020-ci il tarixindən etibarən ölkədə erməni yalanına qarşı, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində başladılan informasiya müharibəsində aktiv iştirakı təmin etmək üçün birlik tərəfindən başladılmış #BeVoiceOfKarabakh adlı aksiya, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “KönüllüSƏN” layihəsi haqqında məlumat verilib.
Eyni zamanda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi haqqında da media nümayəndlərinə təqdimat vasitəsilə ətraflı məlumat verilib. Layihənin mərhələləri, seçim meyarları barədə verilən suallar əməkdaşlar tərəfindən geniş şəkildə cavablandırıb. KİV nümayəndələri layihənin fəaliyyətini yüksək qiymətləndirib və lazımi dəstək göstərəcəklərini ifadə ediblər.